Voleybol üzrə Azərbaycan çempionatlarında 2023/2024 illər mövsümünə start veriləcək
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Ölkə çempionatının açılış mərasimi noyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək. Tədbir saat 15:45-də başlayacaq.
Ardınca mövsümün ilk matçı baş tutacaq. Bu qarşılaşma qadınlardan ibarət “Azərreyl” və “Abşeron” klubları arasında olacaq. Mərkəzi oyun olaraq müəyyənləşdirilən 5-ci turun bu görüşü saat 17:00-da başlayacaq.
Yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək. Hər iki turnir 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Dörd dövrədən sonra ilk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.
Qadınlar: “Abşeron”, “Azərreyl”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”, “UNEC”.
Kişilər: “Azərreyl”, “Xarı Bülbül Laçın”, “Xarı Bülbül Şuşa”, “MOİK”, “Murov Az Terminal”, “Neftçi”.
Qeyd edək ki, pley-off mərhələsində 2 oyun (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa qızıl set oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 oyun keçiriləcək.