Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular üçün daha bir düşərgə təşkil edib.
Apasport.az xəbər verir ki, bu gün start götürən növbəti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində yeniyetmə və gənc oğlanlar iştirak edirlər.
Düşərgəyə 2008-2011-ci illər təvəllüdlü Sumqayıt, Oğuz, Hacıqabul, Naxçıvan, Gəncə, Tovuz və Bakı Regional Voleybol Klublarına daxil olan bölgələrdən 30-a yaxın idmançı cəlb olunub. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan toplantıya ə yeniyetmə, gənc oğlanlardan ibarət milli komandalara rəhbər təyin olunmuş Cahangir Seyed Abbasi rəhbərlik edir. Ona RVK-ların məşqçiləri kömək edirlər.
Martın 26-na kimi davam edəcək düşərgədə hər yaş qrupu üzrə gündə iki dəfə məşqlər keçiriləcək. Bu gün ilk məşq baş tutub.
Qeyd edək ki, düşərgə iştirakçıları bir neçə ay ərzində ölkənin müxtəlif regionlarında keçirilmiş seleksiya məşqlərində seçiliblər.