“Mançester Siti”nin sabiq futbolçusu Serxio Aquero vaxtilə rəhbərliyi altında çıxış etdiyi Pep Qvardiola ilə olan münasibətindən danışıb.
Apasport.az saytının məlumatına görə, argentinalı bildirib ki, Qvardiola oyunçuların çəkisinə xüsusi önəm verir.
34 yaşlı keçmiş forvard bununla bağlı maraqlı bir hadisəni bölüşüb: “İdeal çəkiniz 79-80 kq-dırsa və çəkiniz 80 kq 100 qramdırsa, cərimələnəcək, oynamayacaqsınız. Məsələn, bir az toyuq yeyirsinizsə, 50 qram əlavə çəki yarana bilər. “Mançester Siti”dəki ilk mövsümümdə belə halla üzləşmişdim. 100 qram kökəldiyim üçün Qvardiola “səni oynatmıram”, dedi. Nə deyə bilərdim, haqlı idi”.
Aquero ispaniyalı çalışdırıcı sayəsində yeni şeylər öyrəndiyini də etiraf edib: “Qvardiola məndən mərkəz müdafiəçilərini çox sıxmağımı istəyirdi. Amma belədə hücum etməyə gücüm çatmırdı. Pressinq etməyə öyrəşməmişdim, bunu mənə Qvardiola öyrətdi”.
Qeyd edək ki, 2011-2021-ci illərdə “Mançester Siti”nin formasını geyinən Serxio Aquero 2021-ci ildə “Barselona”ya yenicə keçdikdən sonra səhhəti ilə bağlı yaranmış problemə görə karyerasını bitirib.