Dani Alves cinsi təcavüz ittihamı ilə saxlanılıb.
Apasport.az saytı xəbər verir ki, müdafiəçi dekabrın 30-da Barselonadakı “Sutton” gecə klubunda gənc qadına zorakılıq etməkdə şübhəli bilinir.
Hadisə yerli vaxtla səhər saat 10:00 radələrində baş verib. Alves Les Korts polis bölməsində dindirilib. Saxlanılan futbolçu məhkəməyə aparılacaq və onun barəsində həbs-qətimkan tədbiri seçilməsi gözlənilir.
Şikayətçinin sözlərinə görə, Braziliya millisi ilə Qətərdə keçirilən dünya çempionatında iştirak etdikdən sonra Barselonada tətilə gələn Alves gecə klubunda ona yaxınlaşıb və təcavüz edib. Zərərçəkən futbolçudan uzaqlaşaraq dostlarına və gecə klubunun mühafizəsinə məlumat verib. Yekunda hadisə yerinə polis çağırılıb.
Lakin Dani bunu təkzib edib. O bildirib ki, bu ittiham ona və yaxınlarına qarşı hesablanmış lazımsız addımdır.
Qeyd edək ki, müdafiəçi karyerası ərzində “Barselona”, "Sevilya", "Yuventus", PSJ və "Sao Paulo"da çıxış edib. 39 yaşlı oyunçu 2022-ci ildən Meksikanın “Pumas” klubunun şərəfini qoruyur.