"Bu üç il ərzində Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm. Avropa çempionatının seçmə mərhələsində 5 komandadan ibarət qrupda 7 xal əldə etdik. Birinci dərəcəli komandalarla bərabər oynadıq".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin italiyalı sabiq baş məşqçisi Canni de Byazi öz ölkəsinin mətbuatına açıqlamasında deyib.
67 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində ilk 3 yeri tutan yığmalarla matçları incələyib: "Belçika ilə evdəki matçda bir epizoda görə uduzduq. Avstriya ilə qarşılaşmada bərabərliyə layiq idik. İsveçlə görüşdəki qələbə tarixdə qalacaq. 3:0 hesabı ilə qalib gələcəyimizi heç düşünməmişdim. Heyətdə maraqlı oyunçular var. Artıq yol asfaltlanıb, ümid edirəm ki, bu hərəkat növbəti illərdə daha da böyüyəcək. Bu, mənim üçün məmnunedici səyahət idi. Resurslar az olanda belə, komandanın futbol oynaya biləcəyini nümayiş etdirdim. Azərbaycan yığmasında çalışmaq dil fərqindən başlayaraq, bir çox səbəblərə görə asan deyil".
De Byazi bəzi təkliflər aldığını və yığmada işləməyə hazır olduğunu vurğulayıb: "Hələlik imza atmamışıq. Bu səbəbdən heç nə deyə bilmərəm. Digər bir yerdə dərhal yenə baş məşqçi işləməyə bilərəm. Mənə yüksək səviyyədə mübarizə aparmağa imkan verəcək bir neçə komandadan vacib təklif gəlib. Amma hələlik müqavilə bağlamadığıma görə nəsə danışmaq uyğun deyil".
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də de Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.