“Fənərbaxça” növbəti transferini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Fatih Karagümrük”ün yarımmüdafiəçisi Emre Moru heyətinə cəlb edib.
“Fiorentina” və “Torino”nun da maraq dairəsində olan 24 yaşlı hücumameylli oyunçu meneceri ilə birlikdə bu gün “Fənərbaxça” rəhbərliyi ilə son dəfə bir araya gələcək. Danışıqların ardından tərəflərin ortaq məxrəcə gəlməsi və keçidin rəsmiləşməsi gözlənilir.
Klublar arasındakı razılığa əsasən, bu transfer “Fənərbaxça”ya 2 milyon avroya başa gələcək. Karagümrük klubu həmçinin əlavə bonuslar da qazana biləcək. Emrenin isə yeni komandası ilə 2+1 illik müqavilə imzalaması gözlənilir. Onun “sarı-lacivərdlilər”də illik məvacibi 1 milyon 250 min avro olacaq.
Qeyd edək ki, Emre Mor ötən mövsüm 29 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.