Estoniyalı futbolçuların "Rostov"un baş məşqçisi Valeri Karpinlə şəkil çəkdirməsi ölkələrində tənqidlə qarşılanıb.
Apasport.az xəbər verir ki, Estoniya doğumlu rusiyalı məşqçi həmişə Yeni il bayramı üçün bu ölkəni seçib.
53 yaşlı məşqçi həm Rusiya, həm də Estoniya pasportuna sahibdir. Karyerasına da Estoniyada başlayıb.
Karpin Estoniya millisinin kapitanı Konstantin Vasilyev, hücumçu Sergey Zenyov və məşqçi Andres Oper, eləcə də Rusiyadakı sabiq yetirmələri – Andrey Stepanov, Sergey Pareyko, Artur Kotenko, Dmitri Kruqlov, Yevgeni Novikov, Aleksandr Dmitriyev və İqor Morozovla bir masada oturaraq şəkil çəkdirib. Stepanovun "1 kampaniya, 10 dost, 100 xatirə, 1000 oyun. Yadda qalacaq Yeni il şənliyi" paylaşımı Estoniyada Rusiya – Ukrayna münaqişəsi səbəbindən yaxşı qarşılanmayıb və tənqidlərə səbəb olub. Hətta Vasilyevdən kapitanlıq sarğısının alınmalı olduğu bildirilib.
Qeyd edək ki, bu futbolçulardan Andrey Stepanov "Neftçi"də, Sergey Zenyov "Qəbələ"də, Dmitri Kruqlov "Neftçi", "İnter", "Rəvan", Artur Kotenko "Rəvan"da çıxış edib. Zenyov vaxtı ilə "Torpedo"da çıxış etsə də, açıqlama verərək Stepanovdan başqa, orada heç kimin Karpinlə şəxsi tanışlıqlarının olmadığını vurğulayıb.