Futbol üzrə Monteneqro milli komandasının qapıçısı Matiya Sarkiç 26 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb .
Gənc futbolçunun ölüm səbəbi məlum deyil. O, Monteneqronun Budva şəhərində tətildə olarkən xəstələnib. Qapıçının dostları təcili yardım çağırsalar da, həkimlər futbolçunu xilas edə bilməyiblər.
Polis hadisə ilə bağlı araşdırma aparır. İlkin məlumata görə, ölüm təbii səbəblərdən olub.
Ötən mövsüm Sarkiç İngiltərənin ikinci ən güclü divizionu olan Çempionşipdə "Milloul"un heyətində 33 oyun keçirib, 12 oyunda qapısını toxunulmaz saxlayıb. Qapıçı Monteneqro millisində 9 oyun keçirib.