İlə DAMĞA VURANLAR
31.12.2022 - 13:55
İlə DAMĞA VURANLAR

Bu gün 2022-ci ilin son gününü yaşayırıq.

Apasport.az saytı xəbər verir ki, tarixin yaddaşına qovuşacaq il bir çox idmançılar üçün uğurlu alınıb. 

Onların arasında isə Argentina millisinin futbolçusu Lionel Messini xüsusi fərqləndirmək olar. Onunla yanaşı, ilə damğa vuran digər 5 idmançını təqdim edirik. 

1. Lionel Messi
Klub karyerasında saysız-hesabsız mükafatlar qazanan 35 yaşlı superulduz dünya çempionatında ən böyük arzusunu reallaşdırıb. 36 ildən sonra milli komandası ilə kuboku başı üzərinə qaldıran Messi medal kolleksiyasındakı əsas çatışmazlığı tamamlayıb. Finalda Fransa üzərindəki qələbədə böyük pay sahibi olan PSJ-nin futbolçusu mundialda və ölkəsində bir sıra rekordları da ələ keçirib.

2. Kilian Mbappe
24 yaşında olmasına baxmayaraq Fransa futbol tarixində önəmli futbolçular arasında yer alan Mbappe 2022-ci ili dünya çempionatının ən sərrast futbolçusu (8 qol) olaraq tamamlayıb. O, qitənin ən möhtəşəm klub turnirində də bombardirliyini göstərib. Kilian Çempionlar Liqasında 7 dəfə rəqib qapısına yol tapmaqla ilk sırada “Liverpul”un misirli hücumçusu Məhəmməd Salaha şərik olub.

3. Karlos Alkaras
İspaniyalı tennisçi cəmi 19 yaşında qatıldığı turnirlərdə qələbələri sıralayaraq dünya reytinqində ilk pilləyə yüksəlib. İlə 32-ci sırada başlayan Alkaras mövsümü beş kubokla tamamlayıb. O, son 12 ayda 10 milyon dollar da qazanc əldə edib. 

4. İqa Svyontek
Son illərdə qadın tennisinin önə çıxan simalarından birinə çevrilən polşalı raketka ustası ardıcıl 37 oyunda məğlub olmayaraq adını tarixə yazdırıb. 21 yaşlı idmançı mövsümü 8 kubok və 67 qələbə ilə tamamlayaraq, reytinq cədvəlində liderliyi ələ keçirib. 

5. Uns Cabir
Svyonteki izləyən tunisli atlet mövsümün iki önəmli turnirində kuboku qazanıb. O, il ərzində gözəl performans göstərərək dünya reytinqində 10-cu yerdən 2-ci pilləyə qalxıb. 28 yaşlı idmançı bu nəticəni qazanan ilk afrikalı və ərəb kimi də adını tarixə yazdırıb. 

6. Maks Ferstappen
Bu il 15 yarışı qazanan və ardıcıl 5 dəfə bütün rəqiblərini qabaqlayan niderlandlı pilot ikinci dəfə “Formula-1”in qalibi olub. Ferstappen bir mövsümdə ən çox mərhələdə (9 dəfə) birinci yeri tutan və ən çox xal toplamaqla (454 xal) tarixi uğura da imza atıb. Onun bu göstəricisi “Formula-1”ə rekord kimi düşüb.


 

writer photo
Əlirza Əlirzalı
0