“Dünya çempionatının qalibi Xorvatiya və ya Mərakeşin olmasını istərdim”.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya millisinin və Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyas deyib.
41 yaşlı əfsanəvi qolkiper Qətərdə keçirilən dünya çempionatında Argentina və ya Fransanın kuboka yiyələnməsini arzulamır. O bildirib ki, yarımfinal cütlərindən Xorvatiya ilə Mərakeşin həlledici oyuna vəsiqə qazanmasını istəyir: “Mundialın qızıl medallarını əvvəldən şanslı sayılmayan komandanın əldə etməsini arzulayıram. Amma bu komandaların qarşısında Argentina kimi böyük futbol ənənələri olan yığma və çox gözəl nəslə malik Fransa var. Ümid edirəm ki, çox maraqlı oyunlar olacaq. Yeddi matçda qalib gələn dünya çempionatının ən yaxşısı olacaq”.
Qeyd edək ki, dünya çempionatında yarımfinalda Argentina Xorvatiya ilə, Fransa Mərakeşlə üz-üzə gələcək. Bu qarşılaşmalar müvafiq olaraq dekabrın 13-də və 14-də keçiriləcək.