İllər ərzində Kriştiano Ronaldo, yoxsa Lionel Messi dilemmasını müzakirə edən dünya futbol ictimaiyyəti yeni rəqabətin yaranmasına biganə qalmır.
Apasport.az saytının məlumatına görə, artıq Kilian Mbappe ilə Erlinq Halandın qiyabi dueli əksər mütəxəssislər üçün müqayisə obyektinə çevrilib.
Fransa millisinin sabiq futbolçusu Tyerri Anri də iki hücumçu arasında fərqi tapmağa çalışıb: “Mbappe həm yarada, həm də vura bilir. Haland isə heç nə yaratmır, yalnız hücumları başa çatdırır. Kilian sağda, solda, mərkəzdə oynaya bilir. Erlinq isə yalnız mərkəzdə oynayır. Norveçli möcüzəli futbolçudur. “Mançester Siti” onunla Çempionlar Liqasını qazana bilər. Amma mən hələ də Mbappeyə üstünlük verirəm”.
Qeyd edək ki, Çempionlar Liqasının I turunun oyunlarında həm Mbappe, həm də Haland dubla imza atıb.