UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Qalatasaray" İsveçrənin "Yanq Boyz" komandası ilə qarşılaşıb.
Evdə qazandığı üstünlüyü (3:2) səfərdə davam etdirən “Yanq Boyz” İstanbul klubunu 1:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. "Qalatasaray" isə UEFA Avropa Liqasında yoluna davam edəcək.
Apasport.az xəbər verir ki, matçdan sonra "Qalatasaray"ın baş məşqçisi Okan Buruk açıqlama verib:
"Arzuladıqlarımızla matçda baş verənlər üst-üstə düşmədi. Kağız üzərində oyunçular arasında inanılmaz keyfiyyət fərqi var. Daha yaxşı çıxış edə bilərdik. Keçən ilki "Mölde" matçı ilə müqayisə edərdim. Sanki oyunçularımızın hamısı 5 kilo daha ağır idi. Ötürmələr zamanı ləng davrandıq. Son hissəyə doğru oyunu bir az daha balanslaşdıra bilsək də, istədikləri qələbəni qazandılar”.
Təcrübəli məşqçi Avropa Liqasında çıxış edəcəklərindən bəhs edib: "Bu komanda ötən il çempion olduğu üçün burada pley-offda çıxış etdi. Bu futbolçular yenidən çempionluq uğrunda mübarizə aparacaqlar. Məqsədimiz Avropa Liqasını qazanmaqdır".