Onun üçün bir mikrorayonun pulunu vermişdilər: "Bakıda çoxlu..."
13.06.2022 - 23:19
Onun üçün bir mikrorayonun pulunu vermişdilər: "Bakıda çoxlu..."

“Bütün ailəm inanclı olub. Və mən də uşaqlıqdan bəri ibadətlə məşğul olmuşam. Quran həmişə, evdə, məşqdə, oyunda yanımda olub. Bir dəfə matçlardan birində Quran çantamdan oğurlandı. Yəqin ki, topdaşıyan oğlanlar götürmüşdü. Mən o zaman çox üzüldüm. Yenisini tapmalı oldum”.

Orta və yaşlı nəsil yaxşı xatırlayar; onun qoruduğu qapının içində daim qara, kiçik bir çanta görünərdi. O vaxt həmin çantada ehtiyat əlcəklərin olduğu deyilirdi. Amm ateizimin hakimi mütləq olduğu SSRİ-də belə bir şayiə də gəzirdi ki, həmin çantada kiçik ölçülü Qurani-Kərim də var. Təbii bunu heç kim, hətta özü belə etiraf edə bilməzdi, sərt cəzalanardı. Sonradan, lap sonradan, etiraf edəcəkdi bu tatar balası.  “Komandada hər kəs mənim məscidə getdiyimi bilirdi. Düzdür, Sovet İttifaqında bu, müsbət qarşılanmırdı”.

Bu gün elə ondan danışacağıq, vaxtı ilə nəinki SSRİ-nin, dünyanın belə ən yaxşı qapıçısı olmuş, milyonların kumiri, türk otlu türkdən, Fayzrəhmanla Şəfiqənin kiçik oğlanları, Rinatdan, Dasayevdən...

***

Hə, bu gün yubileyidir, 65 yaşı tamam olur. 1957-ci ilin bu günü, iyulun 13-də Həştərxanda anadan olmuşdu. Atası günün balıq tutmaqla keçirir, anası isə dəmiryolunda fəhləlik edirdi. Deyilənə görə, uşaq vaxtı nə futbola həvəsi olub, nə də top qovmağa. Üzgüçülüyü sevirdi. Hətta Həştərxan vilayətində keçirilən yarışlarda yer də tutmuşdu. Xəzər sahilində böyüyən bu uşaq bəlkə də üzgüçülükdə böyük uğurlar da qazana bilərdi. Amma bir dəfə hovuza tullananda əlini zədələmişdi. Anası Şəfiqə Rinatın bundan sonra idmanla məşğul olmasına qadağa qoymuşdu. Amma zavallı ana nə biləydi ki, illər keçəcək, o əllərə “Qızıl əlcək” verəcəklər. Məhz o əllərin reaksiyası, on milyonlarla sovet adamını stadionlarda, televiziya qarşısında mil kimi ayağa qaldıracaqdı. Amma buna hələ vardı… 

Atası Fayzrəhman yerli “Volqar” klubunun fanatı kimi tanınırdı. Həmin klubun uşaq komandasının məşqçisi isə onun yaxın dostu Herald Blednix idi. Elə Renatı da məhz Blednixin yanına gətirir. Blednix əvvəlcə onu hücum xəttində oynadır. Amma balaca Rinat məşqçini yarıtmır ki, yarıtmır. Baş məşqçi Fayzrəhmana zəng edən məşqçi ona deyir: “Qulaq as, dost olsaq da, açığını deyəcəm. Bu uşaqdan futbolçu çıxmayacaq, gəl apar...”  Atası razılaşır. Amma bir xahiş edir: “Qoy hələ məşqlərə gəlsin, başı qarışsın, ən azı küçələrdən yığışsın”. Blednix yox demir. 

Və bir neçə gün sonra kiçik bir təsadüf Rinatın həyatını büsbütün dəyişir. Sonradan müsahibələrinin birində belə deyəcəkdi: 
“Bir dəfə məşqə 20 dəqiqə qalmış stadiona gəldim. Nə edəcəyimi bilmədiyimdən, nə üçünsə qapıda dayandım və komanda yoldaşlarımın vurduqları toplarıtutmağa çalışdım. Məşqçim bunu görüb mənə dedi ki, gəl, səni bu gün qapıda sınayaq. Bəlkə nə isə alındı. Mən onun sözünə baxdım və oyun ərzində qapıda dayandım, deyəsən, pis alınmadı.  Bununla da onun əsil futbolçu karyerası başlayır, 16 yaşında Novorossiyskdə keçirilən zonalararası seçmə futbol yarışlarında Rinat Dasayev turnirin ən yaxşı qapıçısı elan edilir.

***

İki il sonra isə o, artıq Həştərxanın “Volqar” futbol klubunun əsas heyətində oynayırdı. “Volqar”da elə uğurla çıxışından Moskvada belə xəbər tuturlar. Özü də “Spartak”. “Spartak” belə bir istedadın əzəli və əbədi düşməni Kiyev “Dinamo”sunun əlinə keçəcəyindən narahat idi. Və vaxt itirmədən Həştərxana öz elçilərini göndərirlər. Atası Fayzrəhman düşünmədən razılıq verir. 

“Spartak”da Dasayev əsas heyətə düşmək uğrunda təcrübəli qapıçı Aleksandr Proxorovla rəqabət aparmalı idi. Ir neçə oyundan sonra Rinat Proxorovu ikinci plana keçirib, qapını tam ələ keçirir. 

Rinat Dasayev “Spartak”ın heyətində SSRİ çempionu oldu. SSRİ yığma komandasının tərkibində 3 dəfə, 1982-1986, 1990-cı illərdə dünya çempionatında iştirak etdi.

O, 1980-ci ildə Moskvada keçirilən yay olimpiya oyunlarının bürünc, 1988-ci ildə keçirilən Avropa çempionatının isə gümüş mükafatçısı olmuşdu. Elə həmin il dünyanın ən yaxşı qapıçısı adına layiq görülmüşdü. O, Lev Yaşindən sonra dünyanın ən yaxşı qapıçısı adını alan ikinci SSRİ futbolçusu idi. 

 

***

1988-ci il Avropa çempionatının finalından danışarkən bir maraqlı məqama diqqət edək. Münhendəki final matçında SSRİ yığması Hollandiya millisi ilə qarşılaşırdı. Matçda hesabı Ruud Qullit açır. Daha sonra Marko van Basten futbol tarixinin ən yaxşı qollarından birini vurur. Sonralar o qolu Dasayev belə xatırlayacaqdı: 
“Van Bastenin zərbəsi çox qəribə idi. 100 dəfə o mövqedən o şəkildə qapıya zərbə olsa, 99-u qol olmazdı. Ancaq bu vəziyyətdə hollandın bəxti gətirmişdi”. 
Hə, sözün həqiqi mənasında möhtəşəm qol idi. Rinat qapıya gedən topu sadəcə seyr etməklə məşğul olmuşdu. 


***

SSRİ dağılana yaxıq bəzi sovet futbolçuları kimi onun da Avropaya yolu açıldı. İspaniya “Sevilya”sı onun transferi üçün Moskva “Spartak”ına 2 milyon dollar təklif etmişdi. Deyilənə görə, ölkənin idmana məsul şəxsləri isə onu SSRİ-dən buraxmaq istəmirdilər. Amma sonradan elə həmin məmurlara başa salmışdılar: 2 milyon dollara Moskvada bütöv bir mikrorayon salmaq olar, buraxın getsin. Və beləcə, İspaniyaya yollanmışdı. Amma sən demə, hələ 1981-ci ildə onu “Real” transfer etmək istəyirmiş. Özü də daha böyük pul müqabilində. 

***
Azərbaycanı çox sevir Rinat. Müsahibələrini birində demişdi: “Sevilyanın məxsus olduğu Əndəlüs regionu Azərbaycan kimi cənub dövlətlərinə bənzəyir. Onun əhalisi çox temperamentlidir, bayramları sevirlər. Onlar qənaət etmək yox, yaşamaq üçün pul qazanırlar. Hər ay mütləq 2-3 bayram olur. Özü də stol ətrafına bütün ailə - bacılar, qardaşlar, çoxlu əmilər, xalalar yığışır”. 
Bakını da unutmur heç vaxt. 

“SSRİ çempionatı zamanı “Neftçi” ilə oynamaq üçün dəfələrlə bu şəhərə səfərə gedirdik. Burada çoxlu dostum var. Bakı indi daha da gözəlləşib. Bu şəhərin indi daha çox futbol komandası var”. 

Hə, elədi. Dasayev haqlıdı. Bakının bir neçə komandası var. Amma futbolu yoxdu.  Cavadoalar, əhmədovlar, ponomaryovlar, kramarenkolar yoxdu. 
Necə ki indi Rusiyada dasayevlər yoxdu…

Səbuhi Sədəf

writer photo
Əlirza Əlirzalı
0