"A seriyasının bərpa olunma ehtimalı azalır" - nazir
29.04.2020 - 17:56
"A seriyasının bərpa olunma ehtimalı azalır" - nazir

İtaliyanın gənclər və idman naziri Vinçentso Spadafora koronavirus pandemiyası səbəbindən dayandırılan A seriyasının bərpa edilmə ehtimalının azaldığını bildirib.

Apasport.az saytının məlumatına görə, nazir mövsümü meydanda tamamlamaq istəyən klubların fikirlərini dəyişəcəyini düşünür.

Spadafora çempionatın qaldığı yerdən davam etdirilməsi üçün təzyiqlərin mənasız olduğunu söyləyib: "Mövsümün bərpa olunmasına gedən yolun daraldığını, ehtimalın azaldığını görürəm. Hesab edirəm ki, liqa avqusta qədər etibarlı şəkildə başa çatacaq proqramda təşkil olunmalıdır. A seriyasının növbəti iclasında sürpriz olacağını düşünürəm. Klubların çoxu bizdən cari mövsümü ləğv etməyi və gələn mövsümə ən yaxşı şəkildə hazırlaşmağı istəyə bilər".

Nazirin sözlərinə görə, komandalar ən yaxşı halda mayın 18-dən sonra məşqlərə başlaya bilərlər: "Mövsümün iyunun 15-də bərpa olunub-olunmayacağını dəqiqləşdirmək üçün daha bir müddət gözləməli olacağıq. Əlbəttə ki, "davam" qərarı verilərsə, oyunlar azarkeşsiz keçiriləcək".

Qeyd edək ki, A seriyası martın 9-da keçirilən XXVI tur matçından sonra dayandırılıb.
 

0