"Adam onlar haqda bu sözü dilə gətirmək istəmir" - Rauf Əliyev 
11.03.2020 - 10:09
"Adam onlar haqda bu sözü dilə gətirmək istəmir" - Rauf Əliyev 

"Zirə"yə qarşı matçda böyük səhvlər etdik. Buraxdığımız qollar zamanı diqqətsiz oynadıq”. 

Bunu apasport.az saytına "Səbail"in futbolçusu Rauf Əliyev deyib.

Forvard komandasının Premyer Liqanın XX turu çərçivəsində evdə "Zirə"yə (1:3) məğlubiyyəti şərh edib. Əliyev bildirib ki, uduzmalarında diqqətsizlik rol oynayıb: “Xüsusi səbəb yoxdur, sadəcə diqqətsizlik etdik. Həm ilk, həm də ikinci yarının əvvəllərində lazımı oyunu göstərə bilmədik. Bu da sonda nəticədə öz təsirini göstərdi. Yəni diqqətsizliklərin cəzasını çəkdik".

O, ardıcıl olaraq qol vurmasına da münasibət bildirib: "Təbii ki, uğurlu seriyadan sonra evdə uduzmaq yaxşı olmadı. "Zirə" də son matçlarda məğlubiyyətə üzülürdü, onlara da üç xal vacib idi. Qələbə bizi üst pillələrə yüksəldə bilərdi. Olduqca vacib üç xalı itirdik. Əlbəttə ki, hücumçu kimi qol vurmaq sevindiricidir. Çünki işim fərqlənməkdir. Bu oyunda da qol vurduğuma görə şadam. Sadəcə məğlubiyyət adamın kefini korlayır. Çox istəyirəm ki, qollarıma davam edim".

Əliyev növbəti turda "Sumqayıt"a qarşı oyunun ağır keçəcəyini də bildirib: "Heç kim "Sumqayıt"ın "Qəbələ"yə 0:5 uduzmasına inanmazdı. "Gənclik şəhəri" təmsilçisi çempionatda ən yaxşı futbol oynayan komandalardandır. Hamı onlardan danışır, diqqətləri öz üzərilərinə çəkiblər. "Qəbələ" - "Sumqayıt" oyunu vaxtı məşqdə idik, çıxdıq və hesaba inanmadıq. Bu tur evdə bizi qəbul edəcəklər. Onlar evdə, öz azarkeşləri qarşısında daha inamlı oynayırlar. "Sumqayıt" həqiqətən yaxşı futbol göstərir. Onlar son turda uduzduqlarından matç ağır olacaq".

Azərbaycan milli komandasının sabiq futbolçusu yığmamızın Millətlər Liqasındakı şanslarını da dəyərləndirib. Onun sözlərinə görə, Lüksemburq, Kipr və Monteneqroya qarşı oyunlar heç də asan olmayacaq: "Hazırda bütün ölkələr futbol oynamağı bacarır, zəif komanda yoxdur. Hətta bir neçə il bundan əvvəl Lüksemburq zəif hesab olunurdusa, indi adam onlar haqda bu sözü dilə gətirmək istəmir. Çünki klubları avrokuboklarda yaxşı göstərir, futbolçuları xarici klublarda oynayır. Hətta Türkiyə Superliqasında da çıxış edən futbolçuları var. Təbii ki, millimiz qrupda öz mübarizəsini aparacaq. Amma heç də asan olmayacaq. Kipr millisi haqda çox da geniş məlumatım yoxdur. Amma Monteneqro yığması daima seçilən və güclü futbolçuları olan komandadır. Şanslarımız çətin görünə bilər, amma futboldur, hər şey mümkündür. Yəni mübarizə aparmaq, oynamaq olar. Sadəcə qrupdakıların heç biri asan rəqib deyil".