“Arsenal”ı “Barselona”ya dəyişən KAPİTANLAR
06.02.2022 - 14:19
“Arsenal”ı “Barselona”ya dəyişən KAPİTANLAR

“Barselona”nın qış dönəmindəki son transferi Pyerr-Emerik Obameyanq “Arsenal”ı La Liqa təmsilçisinə dəyişən sayca 4-cü kapitan olub.

Apasport.az saytının məlumatına görə, qabonlu intizamsızlığına görə, yalnız yanvarda meydana çıxmayıb.

Ona qədər yaxın keçmişdə “topçular”ın kapitanı ola-ola “Barselona”ya üz tutan daha 3 futbolçu olub. Həmin kapitanlar kimlərdir?

Tyerri Anri
“Arsenal” tarixinin ən önəmli oyunçularından sayılan Tyerri Anri 1999-cu ildə London klubuna keçib. 8 il bu komandanın formasını geyinən fransalı həmyerlisi Patrik Vieyranın 2005-ci ildəki ayrılığından sonra kapitanlıq sarğısını daşıyıb. Əfsanəvi qolçu 2007-ci ildə Premyer Liqa təmsilçisindən ayrılaraq La Liqa nəhənginə üz tutub.

Sesk Fabreqas
“Barselona”nın yetirməsi olan Fabreqas yeniyetmə yaşında “Arsenal”ın akademiyasına cəlb olunub. Cəmi 16 yaşında “topçular”ın əsas komandasında oynamaq imkanı qazanan yarımmüdafiəçi 2008-2011-ci illər aralığında kapitanlıq sarğısını daşıyıb. “Arsenal”da dünyanın ən güclü orta sahə oyunçularından birinə çevrilən Fabreqas 2011-ci ildə sevimli komandası “Barselona”ya qayıdıb.

Tomas Vermalen
Vermalen 2009-cu ildə 12 milyon avro qarşılığında “Ayaks”dan “Arsenal”a keçib. 2014-cü ilə qədər londonluların şərəfini qoruyan belçikalı müdafiəçi 2012-2014-cü illərdə əsas kapitan funksiyasını icra edib. O, 2014-cü ildə 19 milyon avro qarşılığında “Barselona”ya satılıb.

Pyerr-Emerik Obameyanq
“Arsenal” Obameyanqı 2018-ci ildə 63,7 milyon avroya Dortmund “Borussiya”sından transfer edib. Qabonlu hücumçu cəmi bir il sonra kapitanlığa qədər yüksəlib və ötən ilin sonuna qədər sarğını daşıyıb. Ancaq 2021-ci ilin dekabrında intizamsızlığına görə, sarğı əlindən alınıb.