"Millətlər Liqasının qrupunda rəqiblərimiz Lüksemburq, Kipr, Monteneqro yığmalarıdır. Məncə, normal rəqiblərdir, onlarla oynamaq olar".
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov deyib.
O, yığmamızın bu ilin payızında keçiriləcək Millətlər Liqasındakı şanslarını dəyərləndirib. Veteran futbolçu millimizin bu turnirə hazır olub-olmadığından danışıb: "Əslində, rəqiblərə qarşı yaxşı mübarizə aparmaq mümkündür. Digər tərəfdən isə ortada bir neçə sual var. Millimiz bu komandalara qarşı oynamağa hazırdırmı? Yığmamızı kim çalışdıracaq? AFFA Millətlər Liqası turnirində millimizin qarşısına hansı hədəfləri qoyacaq? Bax, bu suallar var. Ona görə də, millimiz qrupdan çıxa bilər, ya yox, sualına cavab verməkdə çətinlik çəkirəm".
Bir vaxtlar yığmamızın aparıcı oyunçularından olan Anatoli ilk turnirin futbolçularımıza təcrübə qazandırdığını vurğulayıb: "Açığı, sovet futbolu haqda məlumatsızam. Qrupumuzda keçmiş sovet ölkəsi və ya başqasının olmasının heç bir önəmi yoxdur. Azərbaycan millisi özünə inanaraq, rəqiblərdən qorxmamalıdır. Ümidvaram ki, ilk turnirdəki təcrübə bu dəfəki oyunlarda Azərbaycanın uğurlu nəticələr qazanmasına yardımçı olacaq".
Qeyd edək ki, Ponomaryov Azərbaycan yığmasında keçirdiyi 16 oyunda 1 qol vurub.