“Azərbaycan yığmasına çağırılmamağımın səbəbini bilmirəm” – milliləşdirilmiş türkiyəli
24.01.2020 - 18:01
“Azərbaycan yığmasına çağırılmamağımın səbəbini bilmirəm” – milliləşdirilmiş türkiyəli

"Klubumda hər şey qaydasında gedir. U-21 yığmasına dəvət edilməməyim haqda nə deyə bilərəm? Baş məşqçi Milan Obradoviçin qərarıdır, səbəbini bilmirəm". 

Bunu apasport.az saytına Türkiyənin "Darica Gənclərbirliyi" klubunun futbolçusu Mətin Gülər deyib. 

"Beşiktaş" yetirməsi olan milliləşdirilmiş müdafiəçi Azərbaycanın U-19 və U-21 yığmalarına çağırılsa da, son vaxtlar heyətdən kənar qalıb. 20 yaşlı futbolçu bildirib ki, serbiyalı Milan Obradoviç baş məşqçi təyin edildikdən sonra da toplanışa çağırılıb: “Lakin sonradan dəvət etmədi. Nəyə görə çağırmamasının səbəbini bilmirəm. Ola bilər ki, çıxışımı bəyənməyib. Ancaq həmin vaxtdan müəyyən müddət keçib. Fikrimcə, yenə izləməli idi".

"Beşiktaş"ı III liqa klubuna dəyişən Gülər keçidinin karyerasına təsir etməyəcəyi qənaətindədir: "Məncə, bunun yığmaya çağırılmağıma təsiri ola bilməz. Hüseyn Seyliğli də "Beşiktaş"dan ayrılıb "Darica Gənclərbirliyi"nə, Doğukan Öksüz isə "Trabzonspor"dan başqa kluba keçmişdi. Amma yenə milliyə çağırılırdılar. Bunlara baxmayaraq, Milan Obradoviçin qərarına hörmətlə yanaşıram. O, özü də milli üçün ən yaxşısını etməyə çalışır. Klubumda oynayıram. Millidən dəvət gələrsə, yenə canla-başla oynayaram".