"Azərbaycanda insanlar özlərini qorumurlar" - Əmir Ağayev
27.03.2020 - 14:41
"Azərbaycanda insanlar özlərini qorumurlar" - Əmir Ağayev

“Günün böyük hissəsini evdə keçirirəm. Hərdən xanımımla evin kənarında qaçırıq. Ümid edirəm ki, yaxın zamanlarda vəziyyət düzələcək”.

Bu sözləri apasport.az saytına “Sumqayıt”ın yarımmüdafiəçisi Əmir Ağayev deyib.

“Kimyaçılar”ın aparıcı oyunçusu koronavirus pandemiyasına görə yaranan vəziyyəti şərh edib. O, Azərbaycanda insanların karantin şərtlərinə əməl etmədiklərini bildirib və İsraildəki durumla müqayisə edib: “Əlbəttə ki, koronavirusa görə təşviş var. Bu da olmalıdır, normal haldır. Sadəcə, Azərbaycanda bir vəziyyəti faciə kimi qiymətləndirirəm. Heç kim özünü qorumur, sağlamlığını nəzərə almır, hamı kafelərə, restoranlara gedir. İnsanlar toplu halda gəzirlər. Halbuki bütün dünyada insanlar evdə oturur, özünü və ətrafını qoruyur. Yəni digər ölkələrdə hamı evdə oturursa, Azərbaycanda vəziyyət fərqlidir. İsraildə isə 3000-ə yaxın adam artıq koronavirusa yoluxub. Amma İsraildə hamı evdə qalır, heç yerə çıxmır. İnanmaq istəyirəm ki, 1-2 aya koronavirus təhlükəsi bitəcək”.

28 yaşlı pleymeyker Azərbaycan Premyer Liqasının nə zaman bərpa ediləcəyini bilmədiyindən, ölkəsi İsrailə qayıtmadığını söyləyib: "Hazırda ailəmlə birlikdə Bakıdayam, İsrailə qayıda bilmirəm. Çünki Azərbaycan çempionatında oyunların nə vaxt bərpa ediləcəyini bilmirik. İsrailə qayıtsam, 14 gün karantində qalmalıyam. Azərbaycanda evimdə oluram, heç yerə çıxmıram, sağlamlığımı qoruyuram”.

Ağayev hesab edir ki, futbolçular matçlarda iştirak etməkdə çətinlik çəkməyəcəklər: “Əgər biz peşəkarıqsa, evdə məşq edib, fərdi hazırlıq keçə bilərik. Hər halda, evin həndəvərində də qaçmaq mümkündür. Düzdür, bu da çətindir, problemə çevrilib. Oyunların bərpasını bir az da gözləmək olar. Amma biz də liqanı mütləq bitirməliyik”.