“Rusiya, Türkiyə, Serbiya və Macarıstanın yer aldığı qrupa baxanda püşkatmadan razı qalmalı oluruq”.
Apasport.az saytının məlumatına görə, bunu İrlandiya millisinin baş məşqçisi Mik Makkarti UEFA Millətlər Liqasının püşkatma mərasimini dəyərləndirərkən deyib.
Komandasının B liqasının 4-cü qrupunda Bolqarıstan, Finlandiya və Uelsə rəqib olmasına münasibət bildirən 61 yaşlı mütəxəssis Azərbaycan millisinin bu liqada olmamasına sevindiyini söyləyib. O, bunu yığmamızın gücü ilə deyil, ölkələr arasındakı məsafə ilə əlaqələndirib: “Qrupumuzdakı komandalar kifayət qədər güclüdürlər. İçlərində bizə yad olanları da var. Amma biz Rusiya və ya Azərbaycanla düşüb, həmin ölkələrə də gedə bilərdik. Bu mənada Azərbaycanın B liqasında olmaması bizim üçün müsbət hal idi. Məsələn, onlarla düşmək ehtimalımız olsaydı, bu, 7 saatlıq yol və fərqli problem deməkdir. Coğrafi baxımdan püşkatmadan razıyıq”.
Qeyd edək ki, C liqasında yer alan Azərbaycan millisi 1-ci qrupda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.