“Azərbaycanla bir qrupa düşmək istəmirdim” – baş məşqçi
06.03.2020 - 10:24
“Azərbaycanla bir qrupa düşmək istəmirdim” – baş məşqçi

“Püşkün nəticəsindən nə razı, nə də narazıyam. Hər şeyi olduğu kimi qəbul edirəm, çünki kiminlə oynamağın elə böyük fərqi yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin baş məşqçisi Mixail Marxel UEFA Millətlər Liqasının 2020-21 mövsümünün püşkatmasını dəyərləndirərkən deyib.

54 yaşlı mütəxəssis C liqasının 4-cü qrupunda Qazaxıstan, Litva və Albaniya ilə qarşılaşmaqdan məmnunluq ifadə edib. Marxel üz-üzə gəlmədiyi üçün sevindiyi komandaların adlarını açıqlayıb ki, onlardan biri də Azərbaycan millisidir: “Yunanıstanla düşmək maraqlı olardı. Ancaq Gürcüstanla yenidən qarşılaşmadan qaçmaq istəyirdim. Həmçinin Qafqaz ölkələri olan Azərbaycan və Ermənistanla da eyni qrupda yer almaq istəmirdim. Çünki onlara qarşı, xüsusən də, səfərdə oynamaq çox çətindir”.

Qeyd edək ki, Azərbaycan millisi Kipr, Monteneqro və Lüksemburqla C liqasının 1-ci qrupunda mübarizə aparacaq.