“Böyük yığmalara qarşı uğurlu oyunlar sərgiləmişik. AVRO-2020-də də bunu təkrarlaya bilərik”.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin müdafiəçisi Kaan Ayhan deyib.
27 yaşlı mərkəz müdafiəçisi bu gün mətbuat konfransı təşkil edərək, jurnalistlərin suallarını cavablandırıb. “Sassuolo”nun oyunçusu iki gün əvvəl Azərbaycan yığmasına qarşı keçirilən yoldaşlıq görüşü barədə də danışıb. O, qarşılaşmaya yaxşı başlamadıqlarını etiraf edib: “Azərbaycanla oyun mənim üçün xüsusi idi. Çünki bu görüşə kapitan kimi meydana çıxmışdım. Oyuna yaxşı başlamadıq. Bunu hamımız bilirik. Amma matçın gedişində dəyişikliklər etdik. İnşallah, AVRO-2020-də bu matçların faydasını görərik”.
Qeyd edək ki, Alanyada keçirilən Türkiyə - Azərbaycan oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.