"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu ilə komandanın lider futbolçuları arasında ilkin danışıq olub.
Apasport.az saytının məlumatına görə, Kataoniya klubunun rəhbəri koronavirus pandemiyası səbəbindən ziyana uğradıqlarından, futbolçulardan maaşlarının azaldılmasını istəyib.
İspaniya təmsilçisi təkcə bilet satışı və televiziya yayımına görə yox, mağazalarının bağlanması və "Nou Kamp" muzeyinə turist axınının dayanması səbəbindən maddi cəhətdən böyük ziyan görür. Məsələyə müsbət yanaşan Lionel Messi, Xerard Pike, Serxio Buskets, Xordi Alba, Luis Suares kimi futbolçular ilkin razılıqlarını veriblər. Ancaq sözləşmə yalnız mövsümün bərpasından sonra bağlanacaq.
Qeyd edək ki, İspaniya La Liqası XXVII turdan sonra dayandırılıb və "Barselona" hazırda 58 xalla liderdir.