“Bazel”in prezidenti: “Qarabağ”a qarşı bir final matçımız var
01.12.2021 - 10:16
“Bazel”in prezidenti: “Qarabağ”a qarşı bir final matçımız var”

“Həm çempionatdakı, həm də Konfrans Liqasındakı mövcud vəziyyət bizim üçün uğurludur”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel”in prezidenti Reto Baumqartner deyib.

O, İsveçrə Super Liqasında potensial lider olmalarını və Konfrans Liqasında son tur öncəsi birinci yerdə qərarlaşmalarını baş məşqçi Patrik Rahmenlə əlaqələndirib. Futbol funksioneri “Qarabağ”la görüş də daxil olmaqla bu ay keçirəcəkləri 5 matçı finala bərabər hesab edib: “Rahmen klubdakı hamı kimi çox iddialıdır. Düzgün yoldayıq, ancaq mükəmməl demək üçün kubok qazanmalıyıq. İlin sonunadək çempionatda dörd, Konfrans Liqasında isə “Qarabağ”a qarşı bir final matçımız var. Həmin görüşlərdə də uğurlu nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, “Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hazırda hər iki komandanın aktivində 11 xal var və top fərqinə görə, İsveçrə təmsilçisi birinci yerdə qərarlaşır.