“Belə səhvlər etmək olmaz” - Füzuli Məmmədov
01.03.2020 - 20:19
“Belə səhvlər etmək olmaz” - Füzuli Məmmədov

"Çətin olacağını bilirdik. Çünki rəqibi analiz etmişdik”. 

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın XIX turunun "Səbail”lə oyunsonrası mətbuat konfransında deyib. 

O bildirib ki, 1:1 hesabı ilə başa çatan matçın səhvlərini analiz edəcəklər: “Futbolçulara bütün tapşırıqları vermişdik, amma sonda buraxılan bir səhv komandamızı qələbədən məhrum etdi. Düzdür, oyuna biz nəzarət edirdik, amma rəqib hesabda geri olduğuna görə çoxluqla hücuma atıldı ki, bu da təzyiqi artırdı. Bundan sonra futbolçularımız risk etməyib, hesabı qorumaq istəyirdilər. Amma standart vəziyyət zamanı buraxılan səhv qələbəni əlimizdən aldı. Belə hallar olur. Yolumuza davam edəcəyik. Səhvləri analiz edib, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.

Məmmədovun sözlərinə görə, standart vəziyyətdə rəqib futbolçunu boş buraxmaq yolverilməzdir: “Qol epizodlarımız oldu. Onları qola çevirmək lazımdır ki, sonra rahat olsun. Əks halda, stress artır. Ömər Buludov daha ciddi olmalıdır. İradlarımızı bildiririk. Belə səhvlər etmək olmaz. Biz komanda oyunu oynayırıq, sadəcə, bu gün bir çox halda sonluğu düzgün yerinə yetirə bilmədik. Aqil Məmmədovun çıxışda səhv etməsinə gəlincə, buna baxacağıq. Həm Aqil, həm də Səlahət səviyyəli qapıçılardır. İkisinə də güvənirəm. Eyni sözlər, zədə üzündən bugünkü oyunu buraxan Mamadi Mbodja və Donald Geryeyə də aiddir. Onları əvəz edən futbolçular onların yoxluğunu hiss etdirməməyə çalışdılar. Gerye artıq gələn həftədən, Mbodj isə o biri həftədən məşqlərə qoşulacaq”.