“Birinci dəfə indikindən daha zəif qrupdaydıq” - Aslan Kərimov
04.03.2020 - 12:10
“Birinci dəfə indikindən daha zəif qrupdaydıq” - Aslan Kərimov

"Əslində qrupumuza Lüksemburq, Kipr və Monteneqrodan da güclüləri düşə bilərdi. Amma belə püşk milli üçün daha yaxşıdır. Birinci dəfə isə Millətlər Liqasında indikindən daha zəif qrupdaydıq".

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O, Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən danışıb. Püşkü dəyərləndirən Kərimov C Liqasının 1-ci qrupunda Monteneqro, Kipr və Lüksemburq milliləriniz heç də zəif hesab etmir: "Ötən mövsümki qrupda Kosovonu istisna etsək, məsələn, Malta indiki rəqiblərin heç birindən güclü deyildi. Biz o qrupdan çıxa bilmədiksə, bu dəfə mərhələ adlamaq bizə həddən-artıq çətin olacaq. Əslində, Lüksemburq autsayder sayıla bilər, amma heç də elə deyil. Ən çətin oyunlarımızdan biri məhz onlara qarşı olacaq. Son 4-5 ildə bu ölkənin futbolu yüksəlişdədir və Portuqaliya kimi komanda ilə artıq heç-heçə edə bilirlər. Gürcüstan və ya Belarus da qrupumuza düşəsi olsaydı, yenə çətin olacaqdı. Çünki potsovet ölkələrindən olan komandalara qarşı biz o qədər də yaxşı oynaya bilmirik. Belarusla yoxlama görüşündə üstün olsaq da, bizi əks-hücumda tutub qol vura bilmişdilər. Ona görə də onlardansa, bu yığmalarla düşməyimiz daha yaxşıdır”.

Veteran futbolçu milli komandamızın qrupdan çıxmaq şanslarının olduğunu da qeyd edib: "Ümumi götürsək, qrupdakı millilər güc etibarı ilə aşağı-yuxarı bir-birinə yaxındırlar. Hər 3 rəqibimizin futbolçularının legioner həyatı yaşadığını da vurğulamalıyıq. Özü də kifayət qədər güclü komandalarda. Amma biz elə futbolçumuz yoxdur. Ona görə də bu rəqiblərə qarşı çətinliyimiz yaranacaq. Lakin istənilən halda, qrupda birinci yeri tuta bilərik. Bu rəqiblər dünya və ya Avropa çempionatının seçmə mərhələsində düşdüyümüz qədər güclü deyillər. Təbii ki, buradan çıxmaq şansımız var. Favorit kimi Monteneqro və Kiprin adını çəkərdim. Əlbəttə ki, Kosovo indikilərdən bir az güclü ola bilər. Amma Malta bunların hamısından zəif idi".

Son vaxtlar milli üzvləri Rəşad Sadıqovun milliyə baş məşqçi gəlməsindən yana olduqlarını bildirir. Kərimov bu məsələ haqda da öz fikrino bildirib: "Bu sualın cavabını federasiya ilə elə Rəşadın özü bilər. Mən yalnız Rəşad haqda onu deyə bilərəm ki, Azərbaycanda işləyən bütün məşqçilər qədər savadı var. Idarəetmə baxımından da danışsaq, həm "Qarabağ"da, həm də millidə apardığı idarəçiliyi ona əsas verir ki, onun idarəçiliyi haqda da xoş sözlər deyim. Amma millidə işləyər ya, işləməz, milliyə götürərlər, ya yox, bunu demək mənim üçün çətindir. Çünki vəziyyətin nə yerdə olduğunu bilmirəm. Özünün istəyi hansıdır, razılaşarmı ya, yox bilmirəm".