İspaniya La Liqasının XXIII turunda "Betis"lə oyun "Barselona"nın kapitanı Lionel Messi üçün daha bir məqamla yaddaqalan olub.
Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü bir neçə epizodda aldadıcı fəndlərdən istifadə edərək cari mövsümdəki uğurlu driblinq sayını 100-ə çatdırıb.
32 yaşlı hücumçu bununla ardıcıl 10-cu mövsümündə 100 uğurlu driblinq səddinə çatıb. Bu baxımdan Leo son 10 il ərzində "böyük beşlik" ölkələri çempionatlarına başçılıq edir. Onun ən yaxın izləyicisi "Real"ın futbolçusu Eden Azardır. Belçikalı hücumçu 6 mövsüm bu saya çata bilib. Siyahıda sonrakı yerləri "Kristal Pelas"ın hücumçusu Vilfrid Zaha (5 mövsüm) və PSJ-nin aparıcı oyunçusu Neymar (4 mövsüm) tutur.
Qeyd edək ki, Lionel Messinin 3 məhsuldar ötürmə verdiyi qarşılaşmada "Barselona" "Betis"i 3:2 hesabı ilə məğlub edib.