“Bu, bizim üçün yaxşı şansdır” - Ramil Şeydayev
03.03.2020 - 23:07
“Bu, bizim üçün yaxşı şansdır” - Ramil Şeydayev

"Pis qrup deyil. Rəqiblərimiz oynayan komandalardır. Ancaq əlbəttə, gücümüzə görədirlər". 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bildirib. 

Bu gün Hollandiyanın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasının püşkü atılıb. Bu dəfə C liqasında çıxış edəcək millimiz Monteneqro, Kipr və Lüksemburq yığmalarıyla birgə 1-ci qrupa düşüb. Püşkün nəticəsindən razı qalan Şeydayev hər üç yığmanı "dişimiz"ə görə hesab edir: "Tamamilə normal qrupa düşmüşük. Sadəcə, oyunlara düzgün yanaşmaq lazımdır. Qrupdakı matçlarda qalib gəlməyə çalışacağıq. Bu, bizim üçün yaxşı şansdır".

Ramil hər bir yığmanı ayrılıqda xarakterizə etməyərək fikrini belə əsaslandırıb: "Çünki onların heç birinə qarşı oynamamışam. Onu deyə bilərəm ki, 1-ci yer uğrunda mübarizə aparacağıq".

Oyunların təqvimi az sonra bilinəcək. Maraqlıdır, qrup mübarizəsini evdə başlayıb, səfərdə bitirmək yaxşıdır, yoxsa əksinə? "Sabah"ın hücumçusunu bununla bağlı da fikrini açıqlayıb: "Açıq deyim ki, bu haqda ən son olaraq düşünmək lazımdır. Bu, elə vacib detal deyil".

Qeyd edək ki, millimiz Millətlər Liqasında mübarizəyə bu ilin sentyabrın əvvəlində başlayaraq noyabrın sonunda yekun vuracaq (sport24.az).