"Bu durum bəzi oyunçulara şans yaradacaq" - Tərlan Əhmədov
29.04.2020 - 09:22
"Bu durum bəzi oyunçulara şans yaradacaq" - Tərlan Əhmədov

"Biz hər gün onlayn şəkildə məşq keçirik. Hazırkı şəraitdə futbolçunun fiziki durumunu yoxlamaq mümkün deyil. Bu, məşqlər başladığı zaman əzələlərin tonusda qalması və futbolçuların ağırlıq hiss etməməsi baxımından önəmlidir".

Bunu apasport.az saytına "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Futbolçuların gündəlik məşqlərini izlədiklərini bildirən təcrübəli mütəxəssis Premyer Liqanın mayın 23-də start götürməsi ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) qərarına da münasibət bildirib. 49 yaşlı çalışdırıcı koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin uzadılmayacağı təqdirdə mayın 4-dən məşqlərə başlayacaqlarını söyləyib: "Təxminən 3 həftə vaxtımız olacaq. Bu müddət futbolçuların fiziki durumunu normaya salmaq və oyuna hazırlamaq üçün kifayət edər. Həmin 3 həftə bizə kömək olacaq. İlk turlarda bütün komandalarda taktiki cəhətdən problemlər olacaq. Amma oyundan-oyuna hər kəs daha yaxşı təsir bağışlayacaq".

Tərlan Əhmədov FİFA-nın matçlar zamanı əvəzləmə sayının 5-ə artırılması ilə bağlı təklifini də müsbət dəyərləndirib: "Əslində yaxşı fikirdir. Belə qərar qəbul olarsa, normal qarşılayarıq. Bunu müsbət hal kimi dəyərləndirirəm. Bu durum bəzi oyunçulara da şans yaradacaq. Çünki daha çox oyun imkanı əldə edəcəklər ki, bu özlərini göstərmək baxımından şans olacaq".
 

0
Tərlan Əhmədov Keşlə karantin