“Hər iki komandanın simasında yaxşı oyun izlədik. Qapılar qarşısında kifayət qədər qol imkanları oldu”
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın XVIII turunda “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra deyib.
Belaruslu mütəxəssis matçın ardından bu fikirləri səsləndirib: “Bizim oyun ərzində bir neçə imkanımız oldu. Lakin dəyərləndirə bilmədik. Qol vura bilməməyimizə bir neçə amil səbəb ola bilər. Ustalıq səviyyəsi, bəxtsizlik və rəqibin oyununu qeyd edə bilərəm. Razıyam ki, nəticələrimiz kifayət qədər mənfidir. Amma mövsüm davam edir. Üzərimizdə işləyəcək, qol vurmaqla bağlı problemləri aradan qaldıracağıq. Oyundan-oyuna artıracağıq. Futbolda belə qara zolaqlar olur. Bu, həm normal, həm də anormaldır. İnanıram ki, bu qara zolaqdan çıxa biləcəyik".\
Çalışdırıcı oyun sistemini dəyişdirməyin çıxış yolu olmadığını düşünür: “Komanda məğlub olursa, bütünlüklə yenilmiş oluruq. Sistemi dəyişmək mümkündür. Lap 1 müdafiəçi ilə də oynamaq olar. Bununla heç nə dəyişmir. Məğlubiyyət zəncirvari amillərdən yaranır. Dayaq yarımmüdafiəçiləri, hücumçuların da bunda günahı var. Sistemi dəyişməklə heç nə dəyişməyəcək. Bu, çıxış yolu deyil”.
Baqa meydanda da, ondan kənarda da emosional olduğunu etiraf edib: “Meydanda emosionalam. Hərdən bunlar paltardəyişmə otağına da sirayət edir. Biz indidən növbəti mövsümü yox, cari mövsümü düşünürük. Paltardəyişmə otağında da dedim ki, kimsə bu mövsümü yola verməyi düşünürsə, onlar bizimlə olmayacaq”.