“0:5 hesabını gözləmirdik. Çünki hamımız oyuna qələbə üçün çıxmışdıq və bunu əldə edəcəyimizə çox inanırdıq. Bu cür uduzacağımızı heç düşünə də bilməzdik”.
Bunu apasport.az saytına “Sumqayıt”ın futbolçusu Rail Məlikov deyib.
35 yaşlı təcrübəli müdafiəçi Premyer Liqanın XX turunda “Qəbələ”yə 0:5 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb. Komandasının kapitanı bildirib ki, nəticə ədalətli olmayıb:
“Sonuncu dəfə səhv etmirəmsə iki il əvvəl kubokda “Qarabağ”la görüşdə belə məğlubiyyət olmuşdu. “Qəbələ”yə bu cür uduzmağı isə ağlımızdan da keçirmirdik. Heyf ki, belə alındı. Əslində buraxılan qola qədər yaxşı oynayırdıq. Hətta 4-5 künc zərbəsi qazanmışdıq. Yəni üstünlük bizdə idi. Lakin heç nədən, adi səhvlərdən qapımızda iki qol gördük. Bu da komandanı “sındırdı”. Fasiləyə 0:2 hesablı məğlubiyyətlə yollandıq. İkinci hissə geridönüş etmək fikrindəydik. Buna tam qadir idik. Biz belə düşünürdük. Amma komandamız heç cürə özünə gələ bilmədi. Əslində biz bütün rəqiblərə tam ciddi baxırıq. “Qəbələ”ni də aşağılamaq olmaz, onlar çox yaxşı klubdur. Amma əlbəttə ki, 0:5 hesabı ədalətli nəticə deyildi. Komandamız məğlub ola bilərdi, maksimum 0:2. Ola bilər ki, hardasa da arxayınlıq da var idi. Futbol arxayınçılığı sevmir. Hansı komanda arxayın olursa, həmin komanda da həmişə uduzur”.
Məlikov Qəbələdə qeydə alınan darmadağını tezliklə unutmalı olduqlarını bildirib. Onun sözlərinə görə, əks halda “Sumqayıt” “qara zolağ”a düşəcək: “Futbolda belə nəticələr olur. Məğlubiyyətin günahı nə baş məşqçidə, nə də rəhbərlikdədir. Səbəbkarı özümüzük, səhvləri özümüzdə axtarırıq və axtarmalıyıq. Bu cür oyun bizə yaraşmadı. Amma dediyim kimi, futbolda belə şeylər olur. Bu yuxunu unutmaq lazımdır. Yox əgər, unutmasaq o zaman “qara zolağ”a düşə bilərik. Bundan əvvəl də çempionatda belə hadisələr olub. Neçə oyun uduzduq, amma kubokun finalına qədər irəlilədik. Çempionatın sonlarında qələbələr qazandıq. Ona görə də bu məğlubiyyəti unutmaq lazımdır. Çünki bu dərəcəyə özümüz gətirib çıxarmışıq. Günahı futbolçular özündə axtarmalıdır. Kollektivdə söhbətimiz oldu. Hamımız bir-birimizə inanırıq. İnanıram ki, “qara zolağ”a düşməyəcəyik və hazırki durumdan birlikdə çıxacağıq. Çünki futbolda belə şeylər olur, buna çox da əhəmiyyət verməməliyik. Komandamız yığışacaq. Qarşıdakı oyunlarda qələbə qazanıb, bu qorxulu yuxunu unudacağıq. “Qəbələ” məğlubiyyəti dünəndə qaldı və çalışacağıq ki, həmin oyun haqda fikirləşməyək. Çünki bu haqda fikirləşsək, qarşıdakı matçlarımıza təsir edə bilər”.