“Rəqibin gücü hamıya bəllidir. Qrupun ən güclü komandası İspaniya ilə evdə 0:0 hesablı heç-heçə ediblər”.
Apasport.az saytının məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin martın 11-də Polşaya qarşı keçiriləcək oyun ərəfəsində fikirlərini açıqlayıb: “İspaniyanın isə qadın futbolunda hegemon olması heç kimə sirr deyil. Polşa millisi də onlardan geri qalmır. Heyətində Avropanın aparıcı klublarında çıxış edən futbolçuları var. Çətin oyun olacaq. Cəzalı futbolçularımızın olmasına baxmayaraq, komanda olaraq oyuna tam hazırıq. Çalışacağıq ki, evdə keçirdiyimiz oyunda xal qazanaq. Polşanın qrupda keçirdiyi oyunları izləmişik. Müdafiədə, hücumda necə oynadıqlarını bilirik. Əsasən sürətli oyuna üstünlük verirlər, uzun ötürmələrdən istifadə edirlər. Rəqibin üslubuna görə öz oyunumuzu quracağıq”.
Qonaqların baş məşqçisi Miloş Stepinski isə daha iddialı danışıb. O, qələbə qazanmaq üçün çalışacaqlarını gizlətməyib: “Uçuşumuz uzun çəksə də, nəhayət Azərbaycandayıq. İki ölkə arasında saat fərqinə rəğmən uyğunlaşdığımızı deyə bilərəm. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycanın İspaniya və Çexiya ilə oyunlarını izləmişik. Bizim üçün çətin oyun olacaq. Rəqib çox intizamlı və gənc komandadır. 5-4-1 taktiki düzülüşü ilə mübarizə aparır. Xüsusən, müdafiədə daha yaxşı təsir bağışlayır. Azərbaycanın Moldova yığmasına məğlub olmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Oyuna tam hazırıq, bununla belə, gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik”.
Qeyd edək ki, “ASK Arena”da keçiriləcək Azərbaycan – Polşa matçı saat 18:00-da başlayacaq.