IFFHS Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən “Çelsi” – “Real” (1:3) və “Vilyarreal” – “Bavariya” (1:0) oyunlarında qeydə alınan rekordları sıralayıb.
Apasport.az saytının məlumatına görə, İngiltərədəki qarşılaşmada “Real”ın hücumçusu Kərim Benzema het-triklə ön plana çıxıbsa, İspaniyada “Bavariya”nın məğlubiyyəti diqqətçəkən olub.
- “Real”ın hücumçusu Kərim Benzema “Çelsi” ilə görüşdə 3 dəfə fərqlənməklə turnirdə ardıcıl iki oyunda het-trik edən 4-cü oyunçudur. Forvard 1/8 final mərhələsində PSJ ilə cavab qarşılaşmasında da buna nail olub. Ona qədər Luiz Adriano (2014), Lionel Messi (2016) və Kriştiano Ronaldo (2017) eyni uğura imza atıb. Ancaq bu 4 futbolçudan yalnız Ronaldo və Benzema hər iki het-triki pley-offda edib.
- Benzema ümumilikdə ÇL-də het-trik sayını 4-ə çatdırıb və bunu bacaranların siyahısında da 4 nəfərdən biridir. Kriştiano Ronaldo və Lionel Messinin hərəsinin aktivində 8, Robert Levandovskidə isə 5 het-trik var.
- Kərim 2022-ci ildə ən çox qol vuran oyunçularla bağlı IFFHS-in reytinqində liderliyi ələ keçirib. Fransalının aktivində 17 qol var. O, Robert Levandovski (16) və Kilian Mbappeni (15) geridə qoyub.
- “Çelsi” 10 ildən sonra ilk dəfə ardıcıl iki ev matçında qapısından 3 və daha çox top buraxıb. Komanda Premyer Liqanın geridə qalan turunda da “Brentford”a 1:4 hesabı ilə uduzub. “Zadəganlar” sonuncu dəfə 2012-ci ilin oktyabrında bu halla üzləşmişdi.
- “Vilyarreal”a məğlub olan “Bavariya”nın uğurlu səfər seriyası 26 matçda dayanıb. Komanda ÇL-də sonuncu dəfə 2017/18 mövsümündə qonaq meydanında PSJ-yə (0:3) məğlub olub. Maraqlıdır ki, həmin vaxt da PSJ-yə “Vilyarreal”ın hazırkı baş məşqçisi Unay Emeri başçılıq edib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları aprelin 12-də keçiriləcək.