“Çelsi” Çempionlar Liqasının 1/8 final mərhələsində “Lill”lə səfər matçında bir neçə futbolçusunun xidmətindən məhrum qala bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb Fransa hökumətinin idmançıların məcburi peyvənd olunması ilə bağlı qərarıdır.
UEFA-nın qaydalarına əsasən, yerli hakimiyyət orqanlarının qadağaları səbəbindən matça gedə bilməyən futbolçularla pozitiv test nəticəsi çıxmış kimi rəftar edilir. Ancaq bu qaydalara gələn həftə yenidən baxılacaq. “Çelsi”nin isə bəzi oyunçuları tam peyvənd olunmayıb. Bu üzdən onların martın 16-da keçiriləcək cavab görüşünü buraxma riski var.
Həmçinin “Lill” “Stemford Bric”dəki ilk oyundan sonra bütün futbolçularını Fransaya qaytarmaqda oxşar problemlər yaşaya bilər.
UEFA matçları neytral məkanlara köçürməyi nəzərdən keçirə bilər. Ancaq bu, çox kiçik ehtimaldır.
Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 22-də Londonda keçiriləcək.