Almaniya Futbol Assosiasiyasının Bundesliqada XXVI turun keçirilməsi ilə bağlı qərarı ciddi narazılıq yaradıb.
Apasport.az saytının məlumatına görə, elita təmsilçilərinin nümayəndələri qurumun martın 14-16-da baş tutacaq qarşılaşmaları təxirə salmamasından şikayət ediblər.
Xüsusən də, “Bavariya” cəbhəsi bu qərara etirazını bildirib. Münhen klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge bildirib ki, oyunları keçirməklə koronavirus epidemiyasının yayılma riskini artırmış olacaqlar: “Hələlik Bundesliqada çıxış edən heç bir futbolçuda koronavirus aşkarlanmayıb. Assosiasiya çempionatın dayandırılması üçün görünür kimdəsə virus çıxmasını gözləyir".
“Bavariya”nın yarımmüdafiəçisi Tiaqo Alkantara isə belə vəziyyətdə oyun düşünə bilmədiklərini vurğulayıb: “Matça çıxmağımız dəlilikdir. Reallıqla yaşayaq, dürüst olaq, idmandan da önəmli şeylər var”.
Qeyd edək ki, Almaniya Futbol Assosiasiyası martın 17-dən aprelin 2-dək Bundesliqada oyunların dayandırılmasını qərara alıb. Həmçinin XXV turun martın 16-da keçirilməsi nəzərdə tutulan “Verder” – “Bayer” görüşü də təxirə salınıb.