“Çox göylərə qalxmaq lazım deyil” – Zaur Həşimov
08.02.2020 - 19:45
“Çox göylərə qalxmaq lazım deyil” – Zaur Həşimov

"Oyun göstərdi ki, Ayxan Abbasovun adı əbəs yerə milliyə namizəd göstərilməyib. Həqiqətən də bizi üstələdilər”. 

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib. 

39 yaşlı mütəxəssis bildirib ki, özünün sumqayıtlı olması onda dərin hisslər yaratmayıb. Həşimov qırmızı vərəqə alan oyunçularının məsələsinə klubdaxili iclasda baxacağını bildirib. Baş məşqçi 9 nəfərlə qaldıqdan sonra komandasının daha inamlı təsir bağışladığını və bundan xoşunun gəldiyini vurğulayıb: “Bu, yerində olan məğlubiyyət idi. Çox göylərə qalxmaq lazım deyil. Əsas oyunlar bundan sonra olacaq".