Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su hücumçu axtarışına çıxıb.
Apasport.az saytının “index.hr”ya istinadən məlumatına görə, ön xətt oyunçularının çıxışı klub rəhbərliyinin ürəyincə deyil.
Xüsusən də, Bruno Petkoviç və Mahir Emreli ilə bağlı qeyri-müəyyənlik olduğu bildirilib. Petkoviçin mövsümün sonunda aqibətinin necə olacağı bilinmirsə, Emreli də uyğunlaşma dönəmini ağır keçirir. Bu səbəbdən Xorvatiya çempionatında çempionluğa oynayan komanda növbəti mövsüm Çempionlar Liqasında daha faydalı hücumçuya ehtiyac duyur.
“Dinamo”nun baş məşqçisi Jelko Kopiç hazırda icarə əsasında “Riyeka”da çıxış edən “Norviç”in forvardı Yosip Drmiçi bu problemin ideal həlli hesab edir. İsveçrəli forvardın “Norviç”lə müqaviləsi yaya qədər olsa da, yüksək maaş tələbi zaqrebliləri çətin duruma salıb. Onun alternativi isə “Qodoy Kruz”un argentinalı forvardı Martin Oyedadır.
Qeyd edək ki, “Dinamo”ya qış fasiləsində “Legiya”dan keçən Mahir Emreli hələ qol hesabını açmayıb.