“Dinamo”nun baş məşqçisi: “Axtardığımızı Mahirdə tapdıq”
05.02.2022 - 18:13
“Dinamo”nun baş məşqçisi: “Axtardığımızı Mahirdə tapdıq”

Zaqreb “Dinamo”sunun yeni transferi Mahir Emreli Xorvatiya NHL-in XXII turunda “İstra 1961”lə səfər oyununu buraxacaq.

Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Jelko Kopiç deyib.

Çalışdırıcının sözlərinə görə, 25 yaşlı forvard hazırda test və fərdi hazırlıq prosesində olduğundan, Puladakı görüşə aparılmayacaq: “Mahirlə diqqətli olmalıyıq. Çünki uzun müddət kollektiv məşqlərdən uzaq olub. “Legiya” ilə danışıqlar uzun çəkdi. İnanıram ki, Mahir tezliklə komanda üçün mübarizə apara biləcək. Ancaq nə vaxt meydana çıxacağını indi dəqiq deyə bilmərəm”.

Kopiç hücumçunun universallığının onların xeyrinə olacağını düşünür: “O, hücumun bütün mövqelərində oynaya bilir - istər hücumun mərkəzində, istərsə də cinahlarda. Axtardığımız bu idi - daha çox mövqe və sistemlərdə istifadə edə biləcəyimiz oyunçu. Bunu Emrelidə tapdıq”.

Qeyd edək ki, “İstra 1961” – “Dinamo” oyunu sabah keçiriləcək.