İspaniya La Liqasının XXVI turunda “Barselona”nı üstələyən “Real” (2:0) 2014-cü ildən sonra ilk dəfə “Santyaqo Bernabeu”da rəqibini məğlub edib.
Apasport.az saytının məlumatına görə, “kral klubu”nun hücumçusu Vinisius Junior bu qarşılaşmada tarixə düşüb.
Matçda hesabı açan braziliyalı forvard 19 yaş 233 günlüyündə fərqlənib ki, bununla XXI əsrdə “El Klasiko”da qol vuran ən gənc futbolçu ünvanını ələ keçirib. Vinisius Kataloniya klubunun kapitanı Lionel Messinin 19 yaş 259 günlük göstəricisini yaxşılaşdırıb.
Messi isə 43-cü “El Klasiko”suna çıxaraq, “Barselona”nın rekordçusu olub. Argentinalı superulduz sabiq kapitan Xavi Ernandesi geridə qoyub. Leo eyni zamanda ardıcıl 7-ci səfər matçında qol vura bilməyib. 32 yaşlı oyunçunun ən pis göstəricisi 2006-2007-ci illərdə 8 oyunluq qol həsrəti olub.
İlk dövrədə “Nou Kamp”da qolsuz bərabərliklə kifayətlənən “Barselona” 45 ildən sonra ilk dəfə mövsümün hər iki görüşündə əzəli rəqibinin qapısına yol tapa bilməyib. “Kral klubu” 1935-36, 1957-58 və 1974-75 mövsümlərində kataloniyalılarla hər iki matçda qapısının toxunulmazlığını qorumağı bacarıb.
90+1-ci dəqiqədə meydana daxil olduqdan 50 saniyə sonra fərqlənən “Real”ın hücumçusu Mariano Dias isə XXI əsrdə ehtiyatdan oyuna qoşulduqdan sonra ən tez qol vuran oyunçu ünvanına yiyələnib.