"Qələbə qazanmaq həmişə xoşdur. Uzun müddət qalib gəlməsək də, komandada inamsızlıq yaranmamışdı. Çünki bir neçə oyunda xal və xallara yaxın olmuşuq, amma sonda uduzmuşuq".
Bunu apasport.az saytına "Səbail"in futbolçusu Şəhriyar Rəhimov deyib.
31 yaşlı müdafiəçi Premyer Liqanın XVI turunda səfərdə "Keşlə" ilə oyunu şərh edib. O bildirib ki, 1:0 hesabı ilə qalib gəlmələrində rəqibi yaxşı analiz etmələri rol oynayıb: "Qış toplanışında yaxşı hazırlaşdıq və inanırdıq ki, bu, bizim xeyrimizə olacaq. Komandamızda inamsızlıq kimi bir hal yox idi. "Keşlə" bu mövsüm çox dinamik futbol oynayır, çox hərəkətlidirlər. Yaxşı, mübariz komandadır, ancaq Azərbaycan çempionatı elədir ki, hamı bir-birilə mübarizə apara bilir. Matça yaxşı kökləndik, rəqibi yaxşı analiz etdik və vacib üç xal qazandıq".
Rəhimov qışa qədərki heyətlə hazırkı kollektivi də müqayisə etmək istəməyib: "Komandadan gedənlər də bizim üçün çox vacib futbolçular idi. Gələnlərin isə komandaya xeyir verəcəyinə inanıram. Heyətləri müqayisə etmək istəmirəm. Çünki gedənlər və gələnlər fərqli oyunçulardır. Biz nəsə əldə etmək üçün komanda şəklində güclü olmalıyıq. Fərdi şəkildə nəsə etmək çətindir".
O, Premyer Liqanın XVII turunda "Qəbələ"yə qarşı da inamlı oynayacaqlarını qeyd edib. Müdafiəçinin sözlərinə görə, "Keşlə" üzərində qazanılan qələbənin onları arxayınlaşdırmamalıdır: "Bir qələbə bizi rahatlaşdırmamalıdır. Qarşıda hələ 12 oyun var və hər birinə maksimum dərəcədə köklənmək lazımdır. Yenə deyirəm, bizim çempionat bir az spesifikdir, aşkar autsayder anlayışı yoxdur. "Qəbələ" ilə mübarizə "Keşlə" ilə oyundan ağır olacaq. Əlbəttə ki, qələbənin də ardını gətirmək istəyirik".