“Futbol qurumları lazımi tədbirləri görməlidirlər” - Canni İnfantino
17.03.2020 - 10:36
“Futbol qurumları lazımi tədbirləri görməlidirlər” - Canni İnfantino

FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyası ilə bağlı yaranmış duruma münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri futbol ictimaiyyətinə müraciət də edib.

İsveçrəli funksioner hər kəsi həmrəy olmağa dəvət edib: “Azarkeşləri, oyunçuları, məşqçiləri və böyük futbolumuzda iştirak edən hər kəsi qorumaq üçün əlimizdən gələni etməliyik. Ən əsası, futbol qurumları virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidirlər. Dünya futbol ictimaiyyəti bu təhdid qarşısında həmrəylik və birlik nümayiş etdirdi. FİFA bu ağır dövrdə bütün maraqlı tərəflərlə mütəmadi əlaqə saxlayacaq və həll yolları tapmağa çalışacaq. İdman, xüsusən də, futbol dünyamızın normal həyata qayıtmasında böyük rol oynaya bilər. Çətin vəziyyət insanlara bir araya gəlmək, kollektiv ruhda nələr edə biləcəklərini göstərmək, güclü olmaq və gələcəyə daha yaxşı hazırlaşmaq imkanı verir”.

Qeyd edək ki, koronavirusun yayılması səbəbindən dünyanın bir çox ölkəsində futbol yarışları təxirə salınıb.