“Futbolunuzda köklü dəyişikliklər olsa da, onun bəhrəsi görünmədi” – türkiyəli mütəxəssis
02.03.2020 - 17:04
“Futbolunuzda köklü dəyişikliklər olsa da, onun bəhrəsi görünmədi” – türkiyəli mütəxəssis

"Abdullah Avcıya Azərbaycan millisində çalışmaq təklifi edildiyini bilirəm. Onun köməkçisi Rəcəb Uçar dostumdur, onunla da danışdım və Azərbaycanla bağlı nə düşündüklərini soruşdum. Böyük ehtimalla onlar mövsüm sonuna qədər işləmək istəmədikləri üçün AFFA-nın təklifini qəbul etməyiblər".

Bunu apasport.az saytına türkiyəli mütəxəssis Mehmet Ak deyib.

"Qarabağ" və "Neftçi"də sabiq çalışdırıcısı həmyerlisi Abdullah Avcının AFFA-nın təklifini geri çevirməsini şərh edib. Onun sözlərinə görə, Azərbaycan futbolunun hazırkı durumunun da onun qərarına təsir etməsi istisna deyil: “Avcı dərhal nəticə əldə olunmayacağını düşünə bilər. Amma məncə, ən azından beş illik müqavilə təklif edilsəydi, bəlkə dəyərləndirərdi. Düzdür, tərəflər arasındakı söhbəti bilmirik. Fikrimcə, Avcı milliyə gəlsəydi belə, qısa müddətdə uğurlu olmağı çətin məsələdir. O, öz sistemini quran məşqçidir. Ona görə də zaman və uyğun iş şəraiti də yaratmaq lazımdır. Azərbaycan Premyer Liqasına baxsaq, yalnız iki komandanın ön plana çıxdığı, digər komandaların səviyyəli olmadığı görünür".

Ak bildirib ki, Azərbaycanda əsas problem uşaq futboludur: "Maraqlıdır ki, yığmanızda uğur dedikdə, nə nəzərdə tutulur? Qarşıdakı Avropa və ya dünya çempionatına getmək? Bunun üçün futbolçu problemi yoxdursa, bunu müzakirə etmək lazımdır. 2008-ci ildə Azərbaycanda çalışdığım dövrdə Berti Foqts yığmada çalışırdı. Amma aradan 12 il keçib və hələ də ölkənizdə futbolçu yetişdirmək üçün sistemin olmadığı görünür. Ona görə də Azərbaycanın əsas millisinə baş məşqçinin gəlməsindən daha çox aşağı yaş qruplarını inkişaf etdirmək önəmlidir. Yadımdadır, o vaxt Almaniyadan məşqçilər gəldi, Bernard Lippert uşaq futbolu üçün işlədi. Görün necə il keçib, amma Azərbaycanda hələ də kifayət qədər futbolçu yoxdur. Yəni görülən işlər bəhrəsini vermədi. Əgər kimisə komandaya gətirirsənsə, aşağı yaş qruplarının da inkişafına diqqət ayırmalısan. Azərbaycan futbolunda köklü dəyişikliklər olsa da, onun bəhrəsi görünmədi. O dövrdə edilənlər hamısı sanki yarımçıq qaldı”.
Türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasında fərqlənə biləcək cəmi iki klubun adını açıqlayıb. O bildirib ki, aşağı yaş qruplarında rəqabət üçün kifayət qədər futbolçu yetişməyincə, dünya və Avropa çempionatına yüksəlmək xəyal olaraq qalacaq: “Azərbaycan çempionatında "Qarabağ" və "Neftçi" seçilir. Düzdür, digər komandalar da mübarizə aparır. Amma bu futbolunuzun inkişafı üçün də yetərli deyil. Komanda sayı artmalıdır, aşağı yaş qrupları, turnirlər olmalıdır. Uşaq futbolunda səviyyəli məşqçilər olmalıdır. Qısa müddətdə Azərbaycan millisini Avropa və ya dünya çempionatına çıxarmaq çətindir. Bu, illəri alacaq. Amma sistemli şəkildə model qurmaq lazımdır. Mövcud heyətlə Azərbaycan millisinin Avropa və ya dünya çempionatına yollanma şansının çox aşağı olduğunu düşünürəm".