“Futbolçularıma təşəkkür edirəm. Oyundan-oyuna məğlub olmamaq istəyimiz artıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XVIII turunda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra deyib.
41 yaşlı mütəxəssis matçın ardından bu fikirləri səsləndirib: “Əzmkarlığımız məni sevindirir. "Neftçi"nin hücum planında keyfiyyətli oyunçuları olduğunu bilirdik. Elə futbolçuları var ki, hər an oyunun müqəddəratını həll edə bilərlər. Bu gün oyun 70 dəqiqə istədiyimiz kimi getdi. İkinci hissədə rəqib hücumda təzyiqi artırdı. Bu dəqiqələrdə sakit oynamağa, top saxlamağa ehtiyac var idi ki, bunu edə bilmədik. Rəqibin də fərdi ustalığı olan oyunçularının təzyiqi bu nəticəyə gətirib çıxardı. Üstəlik, "Neftçi"dən bir gün az dincəlmişdik. Evdə oynadığımız matçlardakı problemlər bu gün də özünü büruzə verdi. Bu, futbolçuların tez yorulmalarına səbəb oldu. Fərdi səhvlərdən buraxılan 2 top rəqibin meydandan qələbə ilə ayrılmağına şərait yaratdı. "Neftçi" son zamanlar formadadır və ötən illə müqayisədə daha intizamlı oyun göstərir. 1 xal qazanmaq istəyirdik, olmadı. Onsuz da, mövqeyimiz bəllidir. Bundan sonra hara kimi imkanımız varsa, mübarizə aparacağıq. Ustalıq baxımdan geri qalsaq da, "Neftçi" bu gün asan qələbə qazanmadı".
- Növbəti mövsümə daha iddialı "Səbail"in hazırlandığı bildirilir. Bu, nə dərəcədə realdır?
- İddia barədə danışmaq hələ tezdir. Amma bir hərəkətlilik var, komanda ilə daha yaxından maraqlanırlar. Bu gedişatlı görüşlər hər dəfə olacaq. Növbəti mövsümün planları ilə bağlı dəqiq nəsə demək olmaz. Amma bir istək, hərəkət var.
- Futbolçuların "ASCO Arena"nın örtüyündən narazılıqları barədə məlumatlar yayılıb. Vəziyyətin düzəlməsi üçün hansısa işlər görüləcəkmi?
- Təkcə, "Səbail"in futbolçuları yox, bütün futbol ictimaiyyəti meydançamızın durumundan narazılıq edir. Futbolçuların sağlamlığı hər şeydən önəmlidir. Rəhbərliklə də bunu danışdıq, məşqlərimizi BOS-da keçirik. Amma yenə də ev oyunlarımızı orada keçiririk.