"Kənardan elə görünə bilər ki, asan qələbə qazanmışıq" - "Soçi"nin baş məşqçisi
28.07.2021 - 18:42
"Kənardan elə görünə bilər ki, asan qələbə qazanmışıq" - "Soçi"nin baş məşqçisi

“İki gün əvvəl çempionat oyununa çıxdıq. Təəssüf ki, 0:1 hesabı ilə uduzduq",

Apasport.az saytının məlumatına görə, bunu “Soçi”nin baş məşqçisi Vladimir Fedotov Konfrans Liqasının II təsnifat mərhələsində “Keşlə” ilə keçiriləcək cavab oyunu öncəsi deyib.

İlk matçda öz meydanında 3:0 hesablı qələbə qazanan Rusiya təmsilçisi sabah “ASK Arena”da Bakı klubunun qonağı olacaq.

55 yaşlı mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Bərpa olunmaq üçün cəmi 2 gün vaxtımız oldu. Bu vaxtımızı da bərpa məşqlərinə sərf etdik. Artıq Bakıdayıq".

- Komandanın bərpası üçün az vaxt var idi. Hazırda fiziki durum necədir?
- Sabahkı döyüşkən oyun olacaq. Hazır olub-olmadığımızı da bu görüş göstərəcək. Bəzi oyunçularla bağlı problemlər var. Bu üzdən əvəzedicidən bir neçə oyunçunu komandaya cəlb etmişik.

- Heyətdə dəyişikliklər olacaqmı?
- Bəli, rotasiyalar olacaq. Bəzi oyunçular çox yüklənib. Bakıya da bu gün gəlmişik. Sevinirik ki, hava çox isti deyil. Meydançanın süni örtüklü olması futbolçulara mənfi təsir göstərə bilər, zədəyə yol aça bilər. Ancaq bu halla bütün komandalar üzləşir. Futbol istənilən havada, istənilən şəraitdə oynanılmalıdır.

- "Keşlə"də geridönüş etmə potensialı görürsünüz?
- Kənardan elə görünə bilər ki, asan qələbə qazanmışıq. Amma ciddi müqavimətlə üzləşdik. Düzdür, bəzi qol vəziyyətlərindən yararlana bilmədik. Sabahkı oyunda döyüşkən mübarizə gözləyirik və buna hazırıq.

- SSRİ dönəmində futbolçu kimi Bakıda olmusunuz. Bununla bağlı nə deyə bilərsiniz?
- SSRİ-nin son illərində burada "Neftçi"yə qarşı oynamışam. Yenidən bura qayıtmaq çox gözəldir. Bakıda hər şey superdir. Gözəl şəhərdir, yaxşı azarkeşlər var, ab-hava yüksəkdir. Vaxtilə olduğum yerə qayıtmaq xoşdur. 

0