“Kəpəz” və “Turan”ın taleyinə nə vaxt aydınlıq gələcək? – DƏQİQ TARİX
04.05.2022 - 11:11
“Kəpəz” və “Turan”ın taleyinə nə vaxt aydınlıq gələcək? – DƏQİQ TARİX

AFFA Lisenziyalaşdırma Komissiyasının iclasının vaxtı müəyyənləşib.

Bu barədə apasport.az saytına AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

O bildirib ki, komissiyanın toplantısı mayın 6-da baş tutacaq. Həmin gün Premyer Liqaya vəsiqə üçün müraciət edən I divizionun 5 klubunun (“Qaradağ Lökbatan”, MOİK, “Kəpəz”, “Zaqatala”, “Turan Tovuz”) taleyinə aydınlıq gələcək: “Bütün klublar ərizə təqdim edib. Komissiya sənədlərə baxdıqdan sonra qərarını verəcək. Əgər hansısa komanda lisenziya verilməsə, qərarın içində səbəbləri də kluba göndərəcəyik”.

Elçin Məmmədov I divizion təmsilçilərinin heç də hamısının bank təminatının olmadığını söyləyib: “Klubların maliyyə ilə bağlı durumu müxtəlifdir. Bank təminatını yerinə yetirən də var, yetirməyən də”.

Qeyd edək ki, “Kəpəz” və “Turan Tovuz”un 2022/23 mövsümündə Azərbaycan Premyer Liqasında iştirakı gözlənilir.