“Legiya”nın baş məşqçisi: “Lukinyasla Emreli fərqli iki hekayədir”
03.02.2022 - 17:55
“Legiya”nın baş məşqçisi: “Lukinyasla Emreli fərqli iki hekayədir”

“Mahir Emreli çoxdandır məni narahat etmirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın baş məşqçisi Aleksandar Vukoviç Zaqreb “Dinamo”suna transfer olunan Azərbaycan yığmasının hücumçusu Mahir Emreli haqda danışarkən deyib.

Bosniya və herseqovinalı mütəxəssis 25 yaşlı forvardın çoxdandır komandada olmadığını bildirərək, onun durumu ilə maraqlanmadığını söyləyib: “Mahirin vəziyyətindən xəbərdar idim. Məni o yox, daha çox Lukinyas maraqlandırır. Ona maraq çoxdur, danışıqlar gedir. Lukinyas başqa klubla müqavilə imzalamağa yaxındır”.

Vukoviç komandanın avtobusuna hücum zamanı azarkeşlər tərəfindən Emreli ilə birlikdə xəsarət yetirilən digər futbolçu Lukinyasa təlim-məşq toplanışında kapitanlıq sarğısını həvalə etməsinin jest olduğunu bildirib. Çalışdırıcı bu iki oyunçunu müqayisə də edib: “Lukinyasa kapitanlıq sarğısı komandadakı sistemi pozmaq məqsədi daşımırdı. Hələ də liderlərimiz var. Sadəcə, bu, qısamüddətli jest idi. Ancaq gəlin Lukinyasın necə gedə biləcəyi ilə Emrelinin ayrılığını müqayisə edək. Bu, insanlar haqda fərqli düşüncə formalaşdıran iki hekayədir”.

Qeyd edək ki, qış fasiləsindən sonra “Legiya”ya qayıtmaqdan imtina edən Mahir Emreli Zaqreb “Dinamo”su ilə 4,5 illik müqavilə imzalayıb.