“Mahirin transferi məsələsində elə bir yenilik yoxdur. Yaxın günlərdə də ciddi nəsə gözlənilmir”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Mahir Emrelinin meneceri Tural Əsgərov deyib.
Polşa çempionu olan Varşava “Legiya”sından təklif aldıqlarını təsdiqləyən Əsgərov milli üzvünün gələcək taleyi ilə bağlı hələ yekun qərarın verilmədiyini vurğulayıb: “Onu təsdiq edə bilərəm ki, əlimizdəki təkliflərin üzərində “Legiya” variantı da gəlib. Hazırda müzakirə mərhələsindəyik, təklifləri dəyərləndiririk. Nə “Legiya”, nə də digər variantlarla bağlı qərar vermişik. Mahirin yekun qərarı verməsi üçün hələ bir müddət gözləmək lazımdır. Həmçinin bəzi yerlərdən potensial təkliflərin olması ehtimalı var. Onları da nəzərdə tutub gözləmə mövqeyi seçmişik”.
Menecer 24 yaşlı hücumçunun Azərbaycanda qalmaq istəmədiyini sözlərinə əlavə edib: “Mahirin “Qarabağ”da qalmaq perspektivi hazırda müzakirə olunmur. Emreli daha ciddi çempionatda legioner həyatı yaşamaq, oynamaq niyyətindədir. İşlərin gedişi onu göstərir ki, istəyinə çatacaq. Bu baxımdan onun “Qarabağ”da qalmaq ehtimalı cüzidir”.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada 16 qola imza atan Mahir Emrelinin “Qarabağ”la müqavilə müddəti yaya qədərdir.