“Liverpul”un Ukrayna çempionuna xeyri
04.05.2022 - 09:03
“Liverpul”un Ukrayna çempionuna xeyri

Donetsk “Şaxtyor”u növbəti mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak hüququ qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, yarımfinal mərhələsində “Liverpul”un “Vilyarreal”ı məğlub etməsi (2:0, 3:2) sayəsində reallaşıb.

Məsələ burasındadır ki, həm finala yüksələn “Liverpul”, həm də yarımfinalın digər cütlüyündə üz-üzə gələcək “Mançester Siti” ilə “Real” öz çempionatları vasitəsilə qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ əldə ediblər. 

“Şaxtyor” üçün yeganə maneə “Vilyarreal” sayılırdı.  İspaniya təmsilçisi ÇL-i qazansaydı, ukraynalılar təsnifat mərhələsindən mübarizəyə başlamalı olacaqdı. Reqlamentə əsasən, Çempionlar Liqasının qalibi daxili çempionat vasitəsilə növbəti turnirə vəsiqə qazanarsa, boş yer formalaşır. Rusiya klublarının avrokuboklardan uzaqlaşdırılması sayəsində 12-ci assosiasiya kimi Ukraynanın çempionu birbaşa qrupa yüksəlib.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında mövsüm başa çatdırılmasa da, turnir cədvəlinə başçılıq edən “Şaxtyor”un ÇL-ə yollanması qərara alınıb.