“Liverpul”un və Manenin rekordları - STATİSTİKA
04.05.2022 - 09:47
“Liverpul”un və Manenin rekordları - STATİSTİKA

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin “Liverpul”la “Vilyarreal” arasında keçirilən cavab oyununda maraqlı məqamlar diqqəti çəkib.

Apasport.az saytının məlumatına görə, IFFHS İngiltərə klubunun 3:2 hesabı ilə qalib gələrək finala yüksəldiyi görüşlə bağlı statistik göstəriciləri açıqlayıb.

- “Real” (16 final), “Milan” (11) və “Bavariya”dan (11) sonra “Liverpul” (10) Çempionlar Liqasının finalına ən çox yüksələn 4-cü komanda olub.

- “Liverpul” eyni mövsüm Çempionlar Liqası, İngiltərə kuboku və Liqa Kubokunun finalına vəsiqə qazanan ilk ingilis klubudur.

- Səfərdə rəqibi 3 dəfə mərkəzə dəvət edən Premyer Liqa təmsilçisi 2021/22 mövsümünün bütün turnirlərində keçirdiyi 57 oyunda 139 qola imza atıb. Bununla “qırmızılar” 1985/86 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt komanda mövsümü 138 qolla tamamlayıb.

- Yurgen Klopp baş məşqçi kimi 4-cü dəfə Çempionlar Liqasının finalına yüksəlib. O, Marçello Lippi, Aleks Ferqyuson və Karlo Ançelottiyə məxsus rekordu təkrarlayıb.

- Bu, “Vilyarreal”ın ÇL-in pley-off mərhələsində ilk ev məğlubiyyəti idi. İspaniya təmsilçisinin əvvəlki 7 ev görüşündə 2 qələbəsi, 5 heç-heçəsi var. Maraqlıdır ki, “Vilyarreal” ilk dəfə pley-offda öz meydanındakı matçda 1-dən çox qol vurub.

- Turnir tarixində ikinci dəfə qonaq komanda pley-offda 0:2 geridə olarkən fasilədən sonra 2-dən çox qol vuraraq qalib gəlib. Bunu bacaran ilk komanda 2019-cu ildə “Tottenhem” olub. Londonlular 2018/19 mövsümündə “Ayaks”la səfər qarşılaşmasında 0:2-ni 3:2-yə çevirib.

- “Liverpul”un hücumçusu Sadio Mane ÇL-in pley-off mərhələsində 15-ci qolunu vurub. O, İngiltərə klublarının heyətində pley-offda ən çox fərqlənən “Çelsi”nin sabiq kapitanı Frenk Lempardın rekordunu təkrarlayıb. 

- Seneqallı Mane həmçinin afrikalı oyunçular arasında pley-offda ən çox qol vurma rekordunu yeniləyib. O, 14 qolun müəllifi olan Fil Dişi Sahilinin əfsanəvi oyunçusu Didye Droqbanın rekordunun qırıb.