"Maaşların verilməməsi bir çox futbolçumuz üçün çətinlik yarada bilər" - Samir Musayev
27.03.2020 - 11:42
"Maaşların verilməməsi bir çox futbolçumuz üçün çətinlik yarada bilər" - Samir Musayev

"Ümidvaram ki, koronavirusun dərmanı tezliklə tapılar və ölkəmiz, bütün dünya bu virusdan qurtular. Verilən qərarlar insanların sağlamlığı üçündür. İnanıram ki, çempionatımızın bərpası nəzərdə tutulan vaxtda verilər”.

Bunu apasport.az saytına Azərbaycan millisinin və "Qarabağ"ın sabiq forvardı Samir Musayev deyib.

Hazırda məşqçi kimi fəaliyyət göstərən Musayev Azərbaycan Premyer Liqasının bərpasından sonra futbolçuların artıq çəkidən əziyyət çəkməyəcəyini bildirib. O, klublarımızın iyuna qədər çempionatı başa vura biləcəyinə inam ifadə edib: “Evdə qalmaq məcburiyyətdəndir. İnanmıram ki, futbolçular artıq çəki problemilə üzləşsinlər. Çünki hamısı peşəkardır. Evdə qalmağın mənfi tərəflərini bilirlər. Tək bizdə yox, bütün dünyada olan vəziyyətdir. Baş məşqçilər futbolçularını nəzərdə saxladığını bilirəm. Əlbəttə ki, iyun ayına qədər oyunları başa vurmaq çətin olacaq. Ancaq futbolçuların bunun öhdəsindən gələcəyinə inanıram. Problem də görmürəm. Sadəcə avrokuboklarda çətinlik çəkə bilərik ki, o da bütün dünyada futbol dayanıbsa, bizim üçün böyük çətinlik olmaz".

O, “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun çempionatı başa vurmağın daha məqsəduyğun olması haqda fikirlərini də şərh edib: "Çempionat sona kimi keçirilsə də, "Qarabağ" yenə çempion olacaq. Füzuli müəllimi başa düşmək olar. Gənc məşqçidir və özünü sübut etməyə çalışır, özünə və komandasına inamı var. Amma inanmıram ki, "Qarabağ" belə vəziyyətdə çempionluğu əldən versin".

Veteran hücumçu UEFA-nın tövsiyəsinə əsasən futbolçuların maaşlarının gecikdirilmək etimalına da toxunub. Onun sözlərinə görə, əmək haqqları verilməsə azərbaycanlı futbolçular çətinlik yaşaya bilər: "Avropadakı vəziyyət göz qabağındadır və orda futbolçuların aldıqları maaş bizim futbolçuların əmək haqqından çox yüksəkdir. Yəni xaricdə futbolçuya maaş verməsələr də, problem yaşanmaz. Onlar da bunu anlayışlı qarşılayar. Bizim futbolçuların maaşlarının o qədər də yüksək olmaması bir çoxunda çətinlik yarada bilər. Çünki əksər futbolçularımızın ailəsini futboldan dolandırır. Onların tək gəlir mənbəyi elə bu idman növüdür. İnanıram ki, klublarımız üçün problem yaranmaz və hər kəsin maaşını verilər".